KOBİA ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib

2022.08.17 15:55 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) üzv olub.

KOBİA-dan bildirilib ki, bu əməkdaşlıq agentlik və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, eləcə də Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, birgə tədbirlərin və layihələrin icrasına xidmət göstərəcək.

Qeyd edək ki, KOBİA və USACC arasında 2019-cu ildən əməkdaşlıq var. Bu müddət ərzində KOBİA və USACC-ın birgə təşkilatçılığı ilə Azərbaycan KOB-ları üçün bir sıra tədbirlər və təlimlər təşkil edilib.

KOBİA-nın KOB-lara dəstək və xidmət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, KOB-lar arasında əlaqələrin genişləndirilməsi, KOB-ların şəbəkələşməsinin dəstəklənməsi, birgə təşəbbüslərin reallaşdırılması üçün bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı var. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.