Məsələn, tutaq ki, "BB bank"dan girov müqabilində kredit götürən və bu krediti geri qaytara bilməyən şəxsin banka girov qoyduğu üçmərtəbəli yaşayış mülkü "BB bank”ın mülkiyyətinə keçib. Bu halda bank həmin əmlakı vergi orqanında uçota aldırmalıdırmı? Bankın mülkiyyətinə keçən əmlakın vergi orqanında uçota alınmamasına görə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, 400 manat maliyyə sanksiyası tətbiq edilə bilərmi?
Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin digər təsərrüfat subyekti (obyekti) olduqda həmin təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınır. Bəs “təsərrüfat subyekti (obyekti)” dedikdə nə nəzərdə tutulur? "Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası"nın 2.0.4-cü bəndinə əsasən, "Təsərrüfat subyekti (obyekti)" - malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən yerdir.
Deməli, vergi ödəyicisi girov müqabilində mülkiyyətinə keçən mülkdən öz sahibkarlıq fəaliyyətində istifadə etmirsə, onun gəlirlərinin formalaşmasında iştirak etməyən həmin mülk (əmlak, torpaq sahəsi və s.) vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) hesab edilmir və Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi həmin mülkü vergi orqanında uçota aldırmaq məcburiyyətində deyil və vergi ödəyicisinə həmin mülkün uçota alınmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.