Azərbaycan sahibkarları peşə bayramlarını qeyd edirlər

2019.04.25 15:32 (UTC+04:00)

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında" 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında iş adamlarının fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Aparılan islahatlar çərçivəsində Prezidentin "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Son bir ildə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb. Ötən bir ildə sənaye potensialının inkişafı ilə bağlı əhəmiyyətli addımlar atılıb. Nəticədə həmin sahədə göstəricilərin yüksək dinamikasına nail olunub. Bütövlükdə keçən müddətdə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artıb. Bu bağlılıqda investisiya təşviqi proqramının həyata keçirilməsi maraq kəsb edir. Həmin çərçivədə həyata keçirilən layihələrin dəyəri artıq 2,8 milyard manatdır. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər yüksək rəqəm olmaqla hətta bir sıra ölkələrin dövlət büdcəsindən belə çoxdur.

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişləndirilir. İxracı təşviq etmək məqsədilə xarici ölkələrə bir neçə ixrac missiyası təşkil olunur, "Azexport" portalı yaradılıb, bir neçə ölkədə Azərbaycanın ticarət evləri yaradılır, "Made in Azerbaijan" brendi artıq dünyada tanınır və bu brendin təbliği istiqamətində dövlət xətti ilə işlər gedir.

Dövlətin həmişə olduğu kimi sahibkarların yanında olacağını bəyan edən ölkə başçısı Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması üçün müvafiq qurumlara sahibkarlara əlavə dəstək verməsini tapşırıb. Prezident sahibkarlara müraciət edərək onları xammaldan səmərəli şəkildə istifadə etməyə, yeni fabriklər, zavodlar qurmağa, hazır məhsulu Azərbaycanda istehsal edərək, idxaldan asılılığı azaltmağa və hazır məhsul ixrac etməyə çağırıb.