Xəzər rayonunda sakinlərlə görüşündə ölkədə iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyulduğunu vurğulayan Prezident İlham Əliyev islahatların çox önəmli olduğunu bildirib: "İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə də islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər, əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır".
Dövlətimizin başçısı həyata keçirilən islahatların nəticəsi kimi, büdcə daxilolmalarının artmasına da toxunub. Bildirib ki, vergi və gömrük orqanları plandan artıq vəsait toplayıblar: "Bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var".
Prezident İlham Əliyev vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifah halının yaxşılaşdırılmasına yönəldilir.