Hüseyn Quliyev: "Özbəkistan Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır" MÜSAHİBƏ

2022.08.15 15:44 (UTC+04:00)

- Cənab səfir, Azərbaycanla Özbəkistan arasındakı mövcud iqtisadi əlaqələrin başlıca istiqamətlərini necə səciyyələndirəndirmək olar?

- Bu gün Azərbaycan və Özbəkistan bütün sahələrdə strateji tərəfdaşdırlar. Özbəkistan Azərbaycanla ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlıdır. İki dövlət arasında ticarət-iqtisadi və sənaye üzrə əməkdaşlığın dərinləşdirilməsini əhatə edən “Yol xəritəsi”, habelə sahibkarlıq, tekstil sənayesi, ipəkçilik və s. sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Son illərdə ikitərəfli ticarət əlaqələrində müsbət dinamika müşahidə olunur. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 83,7% artaraq 87,5 milyon dollar təşkil edib. Yaxın vaxtlarda ikitərəfli ticarətin həcminin 1 milyard dollara çatdırılması barədə razılıq əldə olunub. Bu məqsədlə silsilə tədbirlər həyata keçiriləcək: noyabrda Daşkənddə Birinci Regionlar Forumu, iki ölkənin milli istehsalçılarının sərgisi, Özbəkistan-Azərbaycan İşgüzar Şurasının illik iclasları keçiriləcək, habelə qarşılıqlı ticarət missiyaları təşkil ediləcək. Transxəzər marşrutu üzrə tranzit və ikitərəfli daşıma üçün əlverişli mühitin yaradılması istiqammətində işlər davam etdiriləcək.

Ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün biznes ictimaiyyətinin də üzərinə mühüm öhdəliklər düşür.

İki dövlət arasında ticarət-iqtisadi və sənaye üzrə əməkdaşlığın
dərinləşdirilməsini əhatə edən “Yol xəritəsi”, habelə sahibkarlıq, tekstil
sənayesi, ipəkçilik və s. sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

- Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi yönündə atılan son addımlar iqtisadiyatın hansı sahələrinin əhatə edəcək?

- Bu il avqustun 1-də Daşkənddə hər iki ölkənin rəsmi nümayəndələrinin iştirakilə ikitərəfli danışıqlar, həmçinin Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib. Tədbirlər zamanı ikitərəfli əməkdaşlığın cari gündəliyi, onun genişləndirilməsi üçün gələcək addımlar müzakirə olunub və bir sıra razılaşmalar əldə edilib. Hazır məhsulların üçüncü ölkələrin bazarlarına ixracı üçün Azərbaycanda birgə ipəkçilik və toxuculuq klasterlərinin inkişafı ilə bağlı müəyyən razılığa gəlinib. Xüsusilə “Az-Silk”in bazasında ipəkqurdunun yetişdirilməsi və emalı üçün Bərdə ətrafındakı 6 rayonda torpaq sahələrinin mövcud müştərək klasterə verilməsi barədə razılaşma olub ki, bu layihənin investisiya dəyəri 1 milyon dollardır. Bununla yanaşı, hazır məhsulun Avropa, MDB və Türkiyə bazarlarına ixracı üçün Azərbaycan investisiyaları hesabına Ələt Azad İqtisadi Zonasında və Mingəçevir sənaye parkında birgə toxuculuq müəssisələrinin, Yevlax pilot aqroparkında 50 hektar sahədə ipəkqurdu yetişdirilməsi üçün intensiv bağın, 2023-cü ilin birinci rübündə məhsuldar tinglərinin inkişafı üçün “in-vitro” laboratoriyasının yaradılması nəzərdə tutulur. Yüksək keyfiyyətli tekstil məmulatlarının istehsalında Özbəkistan təcrübəsinin tətbiqi planlaşdırılır. Daşkəndin Üçtəpə rayonunda 550 kvadratmetr sahədə investisiya dəyəri 1,2 milyon dollar olan zərgərlik məmulatlarının istehsalı üzrə birgə müəssisənin təşkili barədə razılıq əldə olunub. Bu sahədə yeni layihələrin hazırlanması məsələsi “Azər Gold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə razılaşdırılıb. Bununla yanaşı, Özbəkistan-Azərbaycan investisiya fondunun yaradılmasının sürətləndirilməsi üçün mövcud imkanların öyrənilməsi qərarına gəlinib.

Özbəkistan-Azərbaycan investisiya fondunun yaradılmasının
sürətləndirilməsi üçün mövcud imkanların öyrənilməsi qərarına gəlinib.

Fondun yaradılmasına dair “Yol xəritəsi”nin təsdiq edilməsi, habelə bu ilin noyabrınadək hökumətlərarası sazişin imzalanması barədə razılıq əldə olunub. Bütün bunlarla yanaşı, mədəni-humanitar və turizm sahəsində də əməkdaşlığın inkişaf istiqamətləri müəyyən edilib. İki ölkə arasında turizm sahəsində hökumətlərarası sazişin imzalanması dab nəzərdə tutulur.

Ölkələr arasında investisiya əməkdaşlığına gəldikdə, indiyədək Azərbaycan Özbəkistan iqtisadiyyatına 23,8 milyon ABŞ dolları həcmində sərmayə qoyub. Özbəkistanın Azərbaycana yatırdığı sərmayələrin həcmi isə 18,4 milyon ABŞ dolları təşkil edib. Özbəkistan şirkətləri Azərbaycanda sənaye, ticarət, nəqliyyat, rabitə, bank, sığorta və digər xidmətlər daxil olmaqla bir sıra sektorlarda fəaliyyət göstərir.

- Energetika və neft-qaz sənayesində əməkdaşlıq hansı səviyyədədir, bu sahədə nə kimi yeniliklər gözlənilir?

- Bu il iyulun 4-də Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri zamanı SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin imzalanması neft-qaz sahəsində əməkdaşlığın nümunələrindən biridir. Əməkdaşlığı genişləndirmək və “yaşıl enerji” sahəsində yeni layihə təşəbbüslərini inkişaf etdirmək üçün bu ilin sentyabrında iki ölkənin energetika nazirlikləri arasında da “Yol xəritəsi” imzalanacaq. Özbəkistanın kimya sənayesinin əsas layihələrində SOCAR-ın iştirak etməsi ilə bağlı razılıq əldə edilib. SOCAR-ın Özbəkistanın Nəvai rayonunda metanoldan propilen istehsalı layihəsində (investisiya dəyəri 1,3 milyard dollar), Qaraqalpaqıstan Respublikasının Kunqrad vilayətində PVC və kaustik soda istehsalı kompleksinin yaradılmasının ikinci və üçüncü mərhələlərində (investisiya dəyəri 1,28 milyard dollar), “Navoiazot” SC ilə sirkə turşusunun birgə istehsalının (investisiya dəyəri 120 milyon dollar) təşkilində iştirak etməsi nəzərdə tutulur. Sentyabr ayına kimi “Uzkimyosanoat” Səhmdar Cəmiyyəti layihə haqqında ətraflı məlumatları, o cümlədən maliyyə modeli və texniki-iqtisadi əsaslandırmanı təqdim edəcək.

Mövcud geoiqtisadi vəziyyət artıq çoxtərəfli əməkdaşlığı hər zamankından daha
vacib edir. Bu baxımdan, əminəm ki, Azərbaycan-Türkiyə-Özbəkistanın birgə
iştirakı ilə qurulan üçtərəfli platforma ölkələrimiz arasındakı əməkdaşlığın
koordinasiyasını və qarşılıqlı faydalı əlaqələri daha da gücləndirəcək.

- Nəqliyyat və logistika sektorunda əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyan müzakirələrdə hansı nəticələr əldə olunub?

- İkitərəfli və tranzit daşımalar üçün icazə blanklarının mübadiləsinin genişləndirilməsi qərarına gəlinib. Azərbaycan tərəfi 2022-ci il üçün artıq 3.500 ədəd icazə blankı təqdim edib. Özbəkistan tərəfi də bu il həmin sayda blank təhvil verməyi planlaşdırır. Bundan başqa, müzakirələr zamanı dəmir yolu vaqonlarının Xəzər dənizi üzərindən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bərələri ilə daşınması məsələsinə də müsbət yanaşılıb.

- Özbəkistanın Azərbaycan və Türkiyə ilə üçtərəfli platforma çərçivəsindəki əməkdaşlığını necə dəyərləndirirsiniz?

- COVID-19 pandemiyası və ondan sonra regionda baş verən iqtisadi və siyasi proseslər nəticəsində yeni çağırışlarla üz-üzə qalmışıq. Ticarət-iqtisadi münasibətlərdə məhdudiyyətlər, artan proteksionizm meyilləri, qiymət artımı, qlobal təchizat zəncirində yaranan problemlər daha çevik yanaşmaları və iqtisadi siyasətlərin tətbiqini tələb edir. Mövcud geoiqtisadi vəziyyət artıq çoxtərəfli əməkdaşlığı hər zamankından daha vacib edir. Bu baxımdan, əminəm ki, Azərbaycan-Türkiyə-Özbəkistanın birgə iştirakı ilə qurulan üçtərəfli platforma ölkələrimiz arasındakı əməkdaşlığın koordinasiyasını və qarşılıqlı faydalı əlaqələri daha da gücləndirəcək. Dünyada gedən mürəkkəb geosiyasi proseslər və artan iqtisadi gərginlik fonunda üçtərəfli platforma ölkələrimizə müxtəlif sektorlar, o cümlədən nəqliyyat sektoru üzrə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Azərbaycan, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan
Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin tranzit potensialının
genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-
kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola bilər.

Bugünkü tranzit və nəqliyyat problemlərinin çoxunu sənaye təkbaşına həll edə bilməyəcək. Ticarət məhdudiyyətləri və ondan irəli gələn logistik problemlər qlobal təchizat zəncirlərini sarsıdıb. Rusiyanın nəqliyyat infrastrukturundan istifadə imkanlarına qoyulan məhdudiyyətlər təchizat zəncirinin lokallaşdırılmasının əhəmiyyətli dərəcədə sürətlənməsinə səbəb olub.

Kəsintilərə görə iri korporasiyalar alternativ təchizat mənbələri və alternativ nəqliyyat yolları axtarmağa başlayıblar. Regionda faktiki olaraq bütün müəssisələr yüksək nəqliyyat xərcləri ilə üzləşirlər, limanlarda, terminallarda və sərhəd keçidlərində sıxlıqlardan əziyyət çəkirlər. Beləliklə, bazarlara gedən ənənəvi marşrutlar indi daha bahalı və əmək tutumlu olub. Bu baxımdan, yeni sazişlər, müxtəlif sahələri əhatə edən irimiqyaslı plan və layihələr ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və bu, Mərkəzi Asiya və Qafqaz regionunda sülh və sabitliyin əsasını təşkil edən amilə çevriləcək.

- Sizcə, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) tranzit potensialının genişləndirilməsinə hansı təsiri göstərə bilər?

- Bakı-Tbilisi-Qars xətti Orta Dəhlizin əsas arteriyası və həyati əhəmiyyət daşıyan hissəsidir. 2022-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəhlizi ilə 266,3 min ton yük daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123% çoxdur: ötən il bu xətlə 477 min ton yük daşınmışdı. Azərbaycan, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola bilər. Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit marşrutu olmaqla, Çin və Mərkəzi Asiya ölkələrinin Avropaya doğru nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin edəcək.

İlhamə İSABALAYEVA