Avstraliya ictimaiyyəti şirin içkilərə vergi qoyulmasını təklif edir

2019.04.25 12:45 (UTC+04:00)

Ölkədə fəaliyyət göstərən Kvinslend Universitetinin ictimai səhiyyə məktəbinin hazırladığı tövsiyə səciyyəli hesabata əsasən, tərkibində şəkər olan içkilərə 20 faizlik vergi tətbiq olunması hər il dövlət büdcəsinə əlavə 400 milyon Avstraliya dolları (483 milyon manat) vəsait cəlb olunmasına və səhiyyə xərclərinin 20 milyon dollar (24 milyon manat) azaldılmasına şərait yaradacaq. Nüfuzlu mütəxəssislərin təmsil olunduğu hesabat müəllifləri şəkərə vergi tətbiq edilməsinin iqtisadi nəticələrini və bunun əhalinin sağlamlığına təsirini modelləşdirib. Hesabatda deyilir: "Şəkərli içkilərə vergi qoyulması nəticəsində 2-ci tip diabet xəstəliyinə tutulanların sayının ildə 800 nəfər azalacağını müəyyənləşdirdik. Qarşıdakı 25 il ərzində ölkədə ölüm sayında hər il 1600 azalma olacaq, ürək-damar xəstəliklərinin insan ölümlərinə təsiri isə əhəmiyyətli şəkildə azalacaq".