Ermənistanda son 10 ildə ən yüksək inflyasiya qeydə alınıb

2022.08.11 13:19 (UTC+04:00)

2022-ci ilin yanvar-iyul aylarında Ermənistanda inflyasiya yanvar-iyun ayları ilə müqayisədə 0,2% artaraq 8,3% səviyyəsinə çatıb. 2022-ci ilin iyul ayında keçən ilin iyul ayı ilə müqayisədə inflyasiya 9,3% təşkil edib ki, bu, son 10 ilin ən yüksək rəqəmidir.

Yanvar-iyul aylarında ərzaq məhsulları üzrə inflyasiya 13,7% təşkil edib. 2022-ci ilin iyul ayında vətəndaşların pensiya və müavinətləri eyni səviyyədə qalsa da, 2021-ci ilin iyul ayına nisbətən unun qyməti 18%, çörəyin qiyməti 21,2%, şəkərin qiyməti 7,5%, mal ətinin qiyməti 20%, donuz ətinin qiyməti 7,1%, pendirin qiyməti 26,2%, kərə yağının qiyməti 2,5% artıb. Qarğıdalı, düyü və lobya müvafiq olaraq 28,6%, 12,7% və 3,2% bahalaşıb. Tərəvəzin qiymətində 36,8% artım olub (pomidor 69,8%, badımcan 86%, sarımsaq 16,1%, kartof 7,2% bahalaşıb). Su, qaz, elektrik enerjisi və digər kommunal xidmətlər üzrə tariflər 5,7%, benzinin qiyməti 11,6%, dizelin qiyməti isə 43,2% artıb.

Maraqlıdır ki, dramın yenidən qiymətləndirilməsi fonunda xaricdən gətirilən malların qiymətləri təxminən 20% artıb. Xaricdən pul köçürmələri alan ailələrin vəziyyəti pisləşməkdə davam edir, onların gəlirləri dram ifadəsində 20% azalıb.

Davam edən inflyasiya ölkədə əhalinin sosial cəhətdən müdafiə olunmayan təbəqələrinin həyat səviyyəsinə daha çox zərbə vurur.