ABŞ-da ötən ay inflyasiyanın səviyyəsi dəyişməyib

2022.08.12 13:45 (UTC+04:00)

ABŞ-da iyulda istehlak qiymətləri indeksi (İQİ) aylıq nisbətdə dəyişməyib, illik nisbətdə isə 8,5 faiz artıb ki, bu da gözlənildiyindən aşağı rəqəmdir. İnflyasiyanın səngiməsinə benzinin kəskin ucuzlaşmasının səbəb olduğu bildirilir.

Bazar gözləntiləri iyul ayında ABŞ-da İQİ-nin aylıq 0,2 faiz, illik 8,7 faiz artması idi. İyul ayında yavaşlama göstərən inflyasiya bir ay əvvəl 9,1 fazilə 41 ilin ən yüksək səviyyəsinə çatmış, İQİ isə aylıq 1,3 faiz artmışdı. Bununla belə, ABŞ Əmək Departamentinin açıqladığı məlumatlara görə, istehlakçılar üçün yaşayış minimumu iyul ayında əvvəlki ayla müqayisədə dəyişməz qalıb. Mənzil və ərzaq qiymətlərindəki artım benzinin ucuzlaşması ilə tarazlaşdırılıb ki, bu da inflyasiyanın yavaşlamasında təsirli olub.

İyulda mənzillərin qiyməti aylıq 0,5 faiz, illik 5,7 faiz; ərzağın qiyməti aylıq 1,1 faiz, illik 10,9 faiz artıb. Enerji daşıyıcılarının qiymətləri aylıq 4,6 faiz azaldığı halda, illik 32,9 faiz artıb.

Qeyd edək ki, ilin ilk yarısında ABŞ-da 1 litr benzinin qiyməti rekord səviyyədə artmış, iyunun ortalarında 5 dolları keçmişdi.