Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.
Eyni zamanda Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunanlara əsasən, rezident müəssisə tərəfindən qeyri-rezidentə göstərilmiş xidmətlərə görə müəssisəyə ödənilməli borc məbləğinin silinməsi qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri hesab edilərək ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri