Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Milli İxrac Strategiyasının layihəsini hökumətə təqdim edib.
Bu barədə AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.
“Sənəddə yeni ölkələr və ixrac istiqamətləri yer alıb. Kənd təsərrüfatı və sənaye məhsullarının ixracı, eləcə də xidmət ixracı strategiyada prioritet sahələrdəndir. İxracın coğrafiyasının genişləndirilməsi çox önəmlidir. Hədəfimiz qeyri-neft ixracının illik məbləğini 2026-cı ilədək 5 milyard ABŞ dollarına çatdırmaqdır”, - deyə Y.Abdullayev bildirib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı 1,7 milyard ABŞ dolları olub ki, bu da ötən ilin ilk yeddi ayı ilə müqayisədə 24,2 faiz çoxdur.
Y.Abdullayev əlavə edib ki, təkcə iyul ayında qeyri-neft ixracımızın ümumi məbləği 224,6 milyon dollara bərabər olub, bu da illik ifadədə 17,2 faizlik artım deməkdir.