Si Cinpin: "Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir"

2019.04.24 17:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfər edib. Dövlətimizin başçısını Çinin yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar. Həmin gün Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dəvəti qəbul etdiyi üçün dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir və bu əməkdaşlıq xalqlarımıza real fayda verir: "Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram".

Səmimi qəbul üçün təşəkkürünü bildirən Prezident İlham Əliyev "Bir kəmər, bir yol" Forumunda iştirak etməyə dəvət olunmağını ölkəmizə xüsusi hörmət əlaməti, Azərbaycanın dövlət başçısına münasibətdə dostluq əlaməti hesab etdiyini deyib: "Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik".

Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.