Çin ən az inkişaf etmiş 16 ölkəyə gömrük vergisini sıfır dərəcə ilə tətbiq edəcək

2022.08.04 13:18 (UTC+04:00)

Dövlət Şurasının Gömrük Tarifləri Komissiyasının verdiyi açıqlamaya görə, Çin Xalq Respublikası ən az inkişaf etmiş 16 ölkədən vergi tutulan məhsulların 98 faizinə gömrük vergisini sıfır dərəcə ilə tətbiq edəcək. Komissiyanın saytında dərc olunan açıqlamada qeyd edildiyi kimi, söhbət Banqladeş, Vanuatu, Qvineya, Cibuti, Laos, Kamboca, Kiribati, Mozambik, Nepal, Ruanda, Sudan, Solomon adaları, Toqo, Mərkəzi Afrika Respublikası, Eritreya və Çaddan gedir.

Açıqlamada deyilir ki, sentyabrın 1-dən qüvvəyə minəcək qərar bu ölkələrlə bazar imkanlarını bölüşməyə kömək edəcək, qarşılıqlı inkişafı dəstəkləyəcək və bəşəriyyət üçün ortaq gələcəyi olan cəmiyyətin qurulmasına təkan verəcək. Bəyanatda qeyd olunub ki, Çinlə diplomatik əlaqələri olan zəif inkişaf etmiş ölkələrin hamısı mərhələli şəkildə bu prosesə daxil ediləcək.