“bp” ikinci rübdə son 14 ilin ən yüksək mənfəətini əldə edib

2022.08.03 14:04 (UTC+04:00)

“British Petroleum” (“bp”) enerji şirkətinin bu ilin ikinci rübündə xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 8,45 milyard dollara çatıb. Ötən ilin ikinci rübündə isə şirkətin xalis mənfəəti 2,8 milyard dollar olmuşdu.

Mütəxəssislər ikinci rübdə şirkətin mənfəətinin 6,2 milyard dollar olacağını proqnozlaşdırmışdı.

Son məlumatlara görə, BP-nin ilin birinci yarısında mənfəəti 14,6 milyard dollara yüksəlib. Beləliklə, şirkət son 14 ildə ən yüksək mənfəətə nail olub və yarandığı gündən bəri ikinci dəfə bu göstəricini əldə edib.

Şirkətin tarixində ən yüksək rüblük mənfəət 2008-ci ilin üçüncü rübündə qeydə alınıb: 8,8 milyard dollar.

May ayında Böyük Britaniya hökumətİ enerji qiymətlərinin artması səbəbindən enerji şirkətlərinin mənfəətindən əlavə 25 faiz vergi tutulacağını açıqlamışdı. Hökumətin hazırladığı qanun layihəsi parlamentə iyul ayında təqdim edildiyi üçün “bp” kimi ilin birinci yarısında yüksək gəlir əldə edən şirkətlər həmin dövr üçün əlavə vergi ödəmələri etməyəcək.