Nemət Seyfullayev: “Giləmeyvə istehsalının təxminən 80 faizi daxili bazara yönəldilir” MÜSAHİBƏ

2022.08.02 15:12 (UTC+04:00)

- Nemət müəllim, Azərbaycanda nə qədər giləmeyvə istehsalçısı və ixracatçısı var? Sahibkarlar bu sahəyə nə dərəcədə maraq göstərirlər?

- Ölkədə təxminən 1000-ə yaxın giləmeyvə istehsalçısı, 100-ə yaxın giləmeyvə ixracatçısı var. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi sayəsində istehsalçılar hər il əkin sahələrini təxminən 30-50 faiz artırırlar. Hər il ABŞ, Avropa təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda yeni giləmeyvə sahələri salınır. Bu məhsulların, demək olar, əsasını təşkil edən çiyələyin 70 faizi cənub bölgəsində - Cəlilabad, Masallı və Lənkəranda, müəyyən hissəsi isə Şəmkirdə, Xaçmazda istehsal edilir. Giləmeyvə əkini üçün işğaldan azad edilmiş ərazilərimizdə də əlverişli şərait mövcuddur. Yeni əkin sahələri üçün Azərbaycana Avropa ölkələrindən və Türkiyədən keyfiyyətli, məhsuldar şitillər gətirilir. Qabaqcıl ölkələrin təcrübəsinin mənimsənilməsi üçün hər ay xarici ölkələrə səfərlər edilir, əldə olunmuş biliklər Azərbaycanda tətbiq edilir.

Ölkədə təxminən 1000-ə yaxın giləmeyvə istehsalçısı, 100-ə yaxın giləmeyvə
ixracatçısı var. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi sayəsində
istehsalçılar hər il əkin sahələrini təxminən 30-50 faiz artırırlar. Hər il ABŞ, Avropa
təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda yeni giləmeyvə sahələri salınır.

- Hazırda giləmeyvə ixracı ilə bağlı vəziyyət nə yerdədir?

- Bu il təxminən 7 min ton çiyələyin, 20-22 min ton gilasın xaricə ixrac olunacağını proqnozlaşdırmışdıq və bu proses uğurla davam edir. Moruq, böyürtkən ixracının 100-150 ton olacağı gözlənilir. Əvvəl giləmeyvə mövsümü may ayında başlayırdı, indi isə mövsüm martdan başlayır. Məhsullar istixanalarda yetişdirildiyindən, aprelin əvvəlindən daxili və xarici bazarlara çiyələk çıxarılır. Oktyabr-noyabr aylarınadək istehsal və ixrac prosesləri davam edir. Azərbaycanda çiyələyin kütləvi istehsalına 2011-2012-ci illərdən, ixracına isə 2017-ci ildən başlanılıb. 2017-ci ildə 500 tona yaxın çiyələk ixrac edilsə də, 2018-ci ildə bu göstərici 1000-1500 ton, 2019-cu ildə təqribən 2500 ton, 2020-ci ildə 3000-3500 ton, 2021-ci ildə isə 4900-5500 tona yüksəlib. Bu il ixrac edilən çiyələyin həcmi artıq 6000 tonu keçib. Əsas ixrac bazarımız Rusiyadır, müəyyən hissəsi isə Qazaxıstana, ərəb ölkələrinə göndərilir. Gələn il Avropa ölkələrinə də məhsul ixrac etməyi, eyni zamanda ərəb ölkələrinə ixracın həcmini artırmağı planlaşdırırıq. Moruq, böyürtkən az ixrac edilən giləmeyvələrdir və bu baxımdan, həmin məhsulun əsas hissəsi daxili bazara çıxarılır. Rəsmi statistikaya əsasən, Azərbaycan ötən il təxminən 8 milyon dollar dəyərində giləmeyvə ixrac edib.

Azərbaycanda çiyələyin kütləvi istehsalına 2011-2012-ci illərdən, ixracına isə
2017-ci ildən başlanılıb. 2017-ci ildə 500 tona yaxın çiyələk ixrac edilsə də,
2018-ci ildə bu göstərici 1000-1500 ton, 2019-cu ildə təqribən 2500 ton,
2020-ci ildə 3000-3500 ton, 2021-ci ildə isə 4900-5500 tona
yüksəlib. Bu il ixrac edilən çiyələyin həcmi artıq 6000 tonu keçib.

- Giləmeyvə istehsalı əhalinin məşğulluğunun təminatında nə kimi rol oynayır?

- Giləmeyvə istehsalı gəlirli sahə olmaqla yanaşı, həmçinin, əhalinin məşğulluğu baxımından da mühüm əhəmiyyətə malikdir. Çiyələk, böyürtkən sahələrinə əsasən əllə qulluq göstərilir, texnika vasitəsilə yalnız sahələrin sulanması mümkündür, qalan bütün işlər - alaqlardan təmizlənmə, yığım əllə həyata keçirilir. Bu işləri görənlərin 80-90 faizi qadınlardır. Bir hektar əkin sahəsinə, ən azı, 10 nəfərədək işçi tələb olunur. Cənub bölgəsində 2000 hektara yaxın çiyələk sahəsi mövcuddur ki, bu da təqribən 20 min nəfərin işlə təmin olunması deməkdir. Bu baxımdan, giləmeyvə istehsalının artması kənd yerlərində əhalinin, xüsusilə qadınların məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Giləmeyvə istehsalı ilə məşğul olanların orta aylıq əməkhaqqı 400-600 manat arasında dəyişir. İş prosesinin, demək olar, ilin 9-10 ayı ərzində davam etdiyini nəzərə alsaq, bu sahənin əhalinin məşğulluğunun ilboyu təmin edilməsi baxımından necə mühüm rol oynadığını görmək mümkündür.

Giləmeyvə istehsalının artması kənd yerlərində əhalinin, xüsusilə
qadınların məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.

- Rayonlarda tikilən soyuducu anbarların giləmeyvələrin ixrac imkanlarının genişləndirilməsində rolu nə dərəcədədir?

- İxracın həcminin artırılması üçün vacib amillərdən biri soyuducu anbarların sayının artırılmasıdır. 2017-ci ildə ilk sürətli soyuducu anbar tikildikdən sonra ixracın həcmində yüksəlmə müşahidə edilib. Hazırda təkcə cənub bölgəsində soyuducu anbarların sayı 7-yə çatıb. Anbarlardan 1-i Şəmkir, 1-i Samux, 2-si Lənkəran, 2-si Masallı, 3-ü Cəlilabad (Göytəpə) rayonunda fəaliyyət göstərir, 2-si isə inşa olunmaqdadır. Qeyd edim ki, bir soyuducu anbar orta hesabla 400-500, maksimum 700 tona qədər məhsul qəbul edə bilir. Azərbaycandakı soyuducu anbarların hamısı tam gücü ilə işləyir, onların ümumi tutumu artıq 5000 tonu ötüb. Belə anbarların sayının artırılması giləmeyvə ixracının imkanlarını daha da artırır.

Azərbaycandakı soyuducu anbarların hamısı tam gücü ilə işləyir,
onların ümumi tutumu artıq 5000 tonu ötüb. Belə anbarların sayının
artırılması giləmeyvə ixracının imkanlarını daha da artırır.

- Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyi necə qiymətləndirirsiniz?

- Məlumdur ki, hər bir sahibkar öz biznesinin inkişafı üçün kreditlər alır. Əvvəllər kreditlərin alınması bir qədər çətin idi, sənədləşdirmə prosesləri xeyli vaxt aparırdı, zamin tələb edilirdi, faizlər yüksək idi. İndi bu sahə üzrə prosedurlar sadələşdirilib və sahibkarlar daha aşağı faizlə kredit əldə edə bilirlər. Sahibkarlığın İnkişafı Fondu ilə bu yaxınlarda keçirdiyimiz onlayn görüş zamanı bizə bildirildi ki, bankların faiz dərəcəsinin daha da aşağı salınması üçün iş aparılır. Sahibkarlar dövlətin göstərdiyi dəstək tədbirlərini yüksək qiymətləndirirlər.

- Dünyada logistika ilə bağlı yaranmış mövcud problemlər giləmeyvə ixracına da təsir göstərirmi? Bu məsələ ilə bağlı hansı problemlər ortaya çıxıb?

- Bu il nəqliyyat xərcləri 5-6 min dollara qədər artıb. Lakin daşınmanın təşkili ilə bağlı çətinliyimiz yoxdur. Yüklərin daşınmasını yerli daşıma şirkətləri həyata keçirir və bu işin öhdəsindən lazımınca gəlirlər.

Tələbata uyğun olaraq, yerli bazara hər il təqribən 40-45 min ton çiyələk,
65-70 min ton gilas çıxarılır ki, bu da təxminən 90-95 faiz təminat deməkdir.
Əvvəl Azərbaycana Türkiyədən daha çox həcmdə çiyələk gətirilirdi,
ölkəmizdə giləmeyvələrin əkin sahələri artdığı üçün idxal edilən
məhsulun həcmi azaldı. Son illərdə Türkiyədən cəmi 100-150 ton çiyələk gətirilir.
İdxalın həcminin azalması digər giləmeyvələr üzrə də müşahidə edilir.

- Azərbaycan özünü giləmeyvələrlə tam təmin edə bilirmi?

-. Tələbata uyğun olaraq, yerli bazara hər il təqribən 40-45 min ton çiyələk, 65-70 min ton gilas çıxarılır ki, bu da təxminən 90-95 faiz təminat deməkdir. Əvvəl Azərbaycana Türkiyədən daha çox həcmdə çiyələk gətirilirdi, ölkəmizdə giləmeyvələrin əkin sahələri artdığı üçün idxal edilən məhsulun həcmi azaldı. Son illərdə Türkiyədən cəmi 100-150 ton çiyələk gətirilir. İdxalın həcminin azalması digər giləmeyvələr üzrə də müşahidə edilir. Ümumilikdə, Azərbaycanda istehsal olunan giləmeyvələrin təxminən 80 faizi daxili, 20 faizi isə xarici bazar üçün nəzərdə tutulur. Təbii ki, ixracatın artması sahibkarları əkin sahələrini daha da artırmağa həvəsləndirir.

İlhamə İSABALAYEVA