İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib.
İKZF-dan bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşlara 44 yaşayış sahəsi təklif olunur. Bunlar da 2 və 3 otaqlı mənzillərdir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır.
Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 17-ci kilometrliyində yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır. Yeni mənzillər elektron sistem üzərindən seçim üçün avqustun 8-dən açıq olacaq. Vətəndaşlar yeni yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.
Xatırladaq ki, ötən ay sözügedən iki ünvanda kirayə mexanizmi çərçivəsində 211 tam təmirli mənzil vətəndaşların seçiminə verilmişdi. Ümumilikdə isə indiyədək bu mexanizmdən 1847 ailə faydalanıb. Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.