Daha 7 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

2022.08.02 13:30 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

KOBİA-dan bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 49-a çatıb. “Startap” şəhadətnaməsi “Glorri” MMC-nin işə götürmə prosesinin optimallaşdırılması üzrə onlayn HR platforması, "Mie Azerbaijan" MMC-nin “CLD” tədris texnologiyası əsasında təlim tədris xidmətləri, "Eduaz co." MMC-nin tələbə, təlimçi və şirkətlər üçün təhsil platforması, "Dronee Aero" MMC-nin “Simurq F” markası altında müxtəlif təyinatlı dronların istehsalı və satışı, "Alimok" MMC-nin uşaqların fərdi inkişaf və zehni biliklərini artırmaq üçün təhsil platforması, "Vvaverıty" MMC-nin neft-qaz sektorunda geoloji dataların emalı və vizualizasiyası üçün proqram təminatı və "Plast" MMC-nin tibb xidmətlərinin mobil tətbiq üzərindən sifarişi layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi