Vaşinqtonda növbəti Transxəzər Forumu keçiriləcək

2019.04.24 16:52 (UTC+04:00)

"Xəzər" Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası mayın 22-23-də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda IV Transxəzər Forumunu keçirəcək.

"Xəzər" Siyasət Mərkəzinin məlumatında bildirilib ki, 2016-cı ildən ardıcıl olaraq hər il keçirilən forum Birləşmiş Ştatların siyasət və biznes liderlərini və Transxəzər dəhlizi ölkələrinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması, biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirir.

ABŞ Ticarət Palatasının Vaşinqtondakı baş ofisində keçiriləcək növbəti Transxəzər Forumu Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən olan biznes liderləri, xarici siyasət mütəxəssisləri və dövlət rəsmilərini bir araya toplayaraq onlara yeni istiqamətləri araşdırmaq və perspektiv imkanları müəyyən etmək üçün platforma yaradır. ABŞ Bakı-Tbilisi-Ceyhan neft boru xəttini, Bakı-Tbilisi-Qars dəmir yolunu, Cənub Qaz Dəhlizini, Lapis-Lazuri nəqliyyat dəhlizini dəstəkləyərək, Xəzər regionunda əlaqələr yaratmaq üçün həyata keçirilən layihələrdə böyük rol oynayıb. Transxəzər Forumu ABŞ-ın region ölkələrini gücləndirməkdə öz rolunu artırmaq üçün növbəti addımları və konkret tövsiyələri müəyyən etmək üçün hökumət rəsmilərini və biznes liderlərini bir araya gətirir.

Xatırladaq ki, "Xəzər" Siyasət Mərkəzi Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat qurumudur və onun əsas tədqiqat obyektini Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri təşkil edir.