ABŞ rəhbərliyi antiinflyasiya paketini açıqlayıb

2022.08.02 17:01 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden ölkədə inflyasiya ilə mübarizə istiqamətində atılacaq iqtisadi addımların təfərrüatlarını paylaşıb.

Ağ Evdən verilən yazılı açıqlamada ölkədə enerji, vergi və səhiyyə sahələrində atılacaq yeni addımlar işıqlandırılıb.

Sənəddə bildirilir: "Bu tədbirlər çərçivəsində reseptlə satılan dərmanları ucuzlaşdırmaq imkanımız var və “Əlçatan tibbi xidmət haqqında” Qanunun əhatə etdiyi ailələr üzrə 13 milyon amerikalı üçün tibbi sığorta xərclərini ildə orta hesabla 800 dollar aşağı sala biləcəyik. Enerji layihələri üçün vergi kreditləri və investisiyalar təqdim etməklə enerji təhlükəsizliyimizi yaxşılaşdıracağıq və iqlim böhranının öhdəsindən gələcəyik. Bu, minlərlə yeni iş yeri yaradacaq və gələcəkdə enerji xərclərini azaltmağa, inflyasiya ilə mübarizə aparmağa kömək edəcək. Biz iri korporasiyalardan üzərlərinə düşən ədalətli vergi payını ödəmələrini tələb edəcəyik”.

Qeyd edək ki, iyun ayında ABŞ-da inflyasiya 9,1 faizə yüksəlib.