“Meta”nın rüblük dövriyyəsi ilk dəfə azalıb

2022.08.01 13:27 (UTC+04:00)

“Facebook” və “Instagram”ın sahibi “Meta” şirkətinin bu ilin ikinci rübündə dövriyyəsi tarixində ilk dəfə əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Dövriyyə 1 faiz azalaraq 28,8 milyard dollar olub.

“TikTok” kimi rəqiblərin sürətlə böyüməsi “Meta”ya məxsus platformaların populyarlığını azaldıb, eyni zamanda reklamçılar üçün rəqabəti artırıb. Hazırda dünyadakı reklam büdcəsinin 20 faizi “Meta”ya gedir.

İnvestorları ilə məlumat paylaşan “Meta” önümüzdəki aylarda reklam gəlirlərinin azalacağını gözlədiklərini açıqlayıb. Buna pandemiya dövründə artan e-ticarətin azalması və inflyasiya, Ukrayna müharibəsi kimi səbəblər göstərilib.

Şirkətin təsisçisi yaxın illərdə müəyyən sahələrə, o cümlədən şirkətin virtual reallıq platforması “Horizon”a investisiyaları artıracağını bildirib.

Qeyd edək ki, “Facebook” da tarixində ilk dəfə olaraq bu il istifadəçilərinin sayının azaldığını açıqlamışdı.