Avqustun 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən bildirilib ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 6 faiz, tədavül müddəti 1820 gündür. İstiqrazlar 2027-ci il iyulun 27-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər.
Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək o zaman artırıla bilər ki, hərracda dövlət istiqrazlarına tələb təklifi üstələsin və qiymət emitenti qane etsin.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət ünvanlaya bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.