Ölkədaxili nağdsız əməliyyatların həcmi 2,4 dəfə artıb

2022.07.27 16:18 (UTC+04:00)

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artıb. 2022-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 13 milyon manat təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 526 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 484 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. İyun ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 41,9 faizini təşkil edib.