Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün Dünya İqtisadi Görünüş Hesabatını “Qaranlıq və daha qeyri-müəyyən” başlığı ilə yeniləyib.
Hesabatda göstərilib ki, 2021-ci ildəki müvəqqəti bərpa 2022-ci ildə risklər yarandığı üçün daha narahatedici hadisələrlə müşayiət olunur. Qlobal istehsalın bu ilin ikinci rübündə Çin və Rusiyadakı enişlər səbəbiylə daraldığına diqqət çəkilən hesabatda ABŞ-da istehlak xərclərinin gözləntilərin altında qaldığı vurğulanıb. Bildirilib ki, dünyada gözləniləndən yüksək inflyasiya, xüsusən də ABŞ və Avropanın iqtisadiyyatlarında daha sərt maliyyə şərtlərinin yaranmasına səbəb olub.
Keçən il dünya iqtisadiyyatının 6,1 faiz artdığına diqqət yönəldilən hesabata əsasən, dünya iqtisadiyyatın bu il 3,2 faiz, gələn il isə 2,9 faiz artacağı gözlənilir.
Xatırladaq ki, BVF aprel ayında dərc etdiyi hesabatda qlobal iqtisadiyyatın 2022-2023-cü illərdə 3,6 faiz artacağını proqnozlaşdırmışdı.