Altı ayda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 2,2 dəfə artıb

2022.07.25 15:59 (UTC+04:00)

Son 1 il ərzində ölkə üzrə rəqəmsal ödənişlərdən istifadə göstəricilərində yüksək artım dinamikası müşahidə olunur. Cari ilin altı ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 9,9 milyard manat olub.

Bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov deyib.

O bildirib ki, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz bəndi artaraq 40,4 faiz təşkil edib.

Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2,8 dəfə artaraq 7,4 milyard manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 41 faiz artaraq 2,5 milyard manata yüksəlib.

Təmassız ödənişlərin sayı və həcmi isə keçən ilin analoji dövr göstəricilərini müvafiq olaraq 2,8 və 2,1 dəfə üstələyib.