İxtisasca mühasib olmayanlar baş mühasib vəzifəsini icra edə bilməyəcəklər

2019.04.24 14:25 (UTC+04:00)

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) edilən dəyişikliyə əsasən, büdcə təşkilatlarının rəhbərləri mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə cərimələnəcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə yeni bənd əlavə olunub. Beləliklə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcəklər.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bunun hansı zərurətdən irəli gəldiyini açıqlayıb. Onun sözlərinə görə, mühasibat maliyyə ilə bağlı sahə olduğuna görə, bu işlərlə yalnız həmin ixtisası bilən adamların məşğul olması daha məqsədəuyğundur: "Məcəlləyə dəyişikliyin edilməsi qeyri-qanuni fəaliyyətin, vergi, maliyyə ilə bağlı anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyır. İstənilən peşə ilə peşəkar səviyyədə məşğul olmaq lazımdır. Əgər adamın bu peşə ilə bağlı təhsili, hər hansı sertifikatı yoxdursa, deməli, qanunverciliklə müəyyən edilən standartlara, tələblərə cavab vermir. O zaman bu şəxslərlə işləmək çətinləşir".

Qeyd olunub ki, peşə ilə bağlı qayda-qanun yaratmaq, fəaliyyətin qanunvericiliyin tələbələrinə uyğun həyata keçirilməsini təmin etmək baxımından, müəyyən edilmiş tələblərə cavab verən şəxslərin uyğun işlə məşğul olması məqsədəuyğundur.

Fərqanə ALLAHVERDİQIZI