Səmərəli vergi siyasəti vergi daxilolmalarının artımına zəmin yaradır

2022.07.25 11:12 (UTC+04:00)

Bu gün hər bir sahənin fəaliyyət prioritetləri hökumətin başlıca vəzifəsi olan davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənib. Birmənalı demək olar ki, ölkə iqtisadiyyatının dünyada baş verən mürəkkəb proseslərə qarşı dayanıqlığını təmin edən əsas amillərdən biri yeni inkişaf strategiyasına uyğun çoxşaxəli islahatların uğurla həyata keçirilməsidir. Vergi sistemində aparılan islahatlar da bu iqtisadi siyasəti dəstəkləyir və ona töhfə verir.

Dayanıqlı iqtisadi artım şəffaf yanaşma tələb edir

Son bir neçə ildə vergi orqanları tərəfindən həyata keçirilən islahatların əsas istiqaməti “kölgə iqtisadiyyatı”nın azaldılmasıdır. “Kölgə iqtisadiyyatı” ilə mübarizə davamlı prosesdir və bu, kompleks yanaşma tələb edir.

Hər il vergi qanunvericiliyində, vergi inzibatçılığında həyata keçirilən islahatlar çərçivəsində şəffaflaşmanın artırılması və haqsız rəqabətin qarşısını almaq məqsədi daşıyan təkmilləşdirmələr aparılır, qanunsuz sahibkarlıqla mübarizə genişləndirilir. Xüsusən son iki ildə Vergi Məcəlləsində biznesin təşviqinə imkan verən əsaslı dəyişikliklər edilib.

Sahibkarların məlumatlılığının artırılması vergi
orqanlarının prioritet fəaliyyət istiqamətlərindəndir.

Bəzən mikro və kiçik sahibkarlıq sahəsində vergidən yayınma halları məqsədli şəkildə deyil, daha çox mövcud qanunlardan xəbərsiz olmaq, əməletmə ilə bağlı prosedurları tam icra edə bilməmək və s. məsələlərdən yaranır. Burada maliyyə savadlılığı məsələsi, yaxud bir sıra məlumatlara çıxış imkanı ilə bağlı şərtləri də səbəb kimi göstərmək mümkündür. Sahibkarların məlumatlılığının artırılması vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindəndir. Hazırda vergi ödəyicilərini maraqlandıran bir çox suallar barədə Dövlət Vergi Xidmətinin sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq maarifləndirici materiallar yerləşdirilir. Bundan başqa, sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qruplarla qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyətin təmin edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi fəaliyyət göstərir. Bu strukturun formalaşdırılmasında əsas məqsəd birgə fəaliyyət zamanı dövlət-sahibkar münasibətlərini dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılmasından ibarətdir. Hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri ilə müntəzəm görüşlər keçirilir və hər sahə üzrə sahibkarları maraqlandıran məsələlər vergi orqanlarının təmsilçiləri ilə müzakirə olunur.

Dövlət Vergi Xidməti elektron hökumətin mühüm həlqələrindən biri kimi
vergi ödəyiciləri ilə təmasın daha çox rəqəmsal platforma üzərindən
qurulmasını təmin edir. Bu gün vergi ödəyicisi vergi orqanına gəlmədən
qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü
hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün
yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər.

Dövlət Vergi Xidməti elektron hökumətin mühüm həlqələrindən biri kimi vergi ödəyiciləri ilə təmasın daha çox rəqəmsal platforma üzərindən qurulmasını təmin edir. Bu gün vergi ödəyicisi vergi orqanına gəlmədən qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər. Vergi ödəyicisinin vergi orqanı ilə münasibətlərini tam şəkildə məsafədən təşkil etmək üçün 63 elektron xidmət fəaliyyət göstərir. Hazırda mikro və kiçik sahibkarların vergi öhdəliklərini mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsilə icra etmələri üçün müvafiq işlər aparılır.

Aparılan islahatlar müsbət nəticələr verir

Dövlət-biznes münasibətlərinin şəffaflaşdırılması, rəqabətqabiliyyətli iqtisadi sistemə adekvat vergi siyasətinin həyata keçirilməsi, vergi sistemində şəffaflığın, vergi ödəyiciləri və vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergitutma obyektlərinin uçotunda sahibkarlıq subyektlərinin məsuliyyətinin yüksəldilməsi mühüm nəticələrin əldə olunmasına imkan verib.

Beləliklə, aparılmış islahatların biznesi leqal fəaliyyətə sövq etdiyini əminliklə demək mümkündür. Vergi daxilolmalarındakı dinamika da bunu deməyə əsas verir. Belə ki, cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə büdcəyə vergi mədaxili 49%-dən, o cümlədən qeyri-neft sektorundan vergi daxilolmaları keçən ilə nisbətən 38%-dən çox artıb. Onlayn kassa aparatları quraşdırılmış vergi ödəyicilərinin dövriyyələrinin 55% artması ticarət sektorunun daxilolmalarının artım tempini sürətləndirən mühüm amillərdəndir. Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35%-dən çox artmasını da xüsusilə qeyd etmək lazımdır. Özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75%-i üstələyir. Paralel olaraq, digər yığımlarda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112%, işsizlikdən sığorta haqları üzrə 118%, icbari tibbi sığorta haqları üzrə isə 107% icra edilib.

Son 3 il ərzində həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək
bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi,
əməkhaqqı fondunun “ağardılması” və bu sahədə şəffaflığın təmin
edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək
müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294,7 min vahid
artıb və bu il iyul ayının 1-nə 1 milyon 696,6 minə çatıb.

Son 3 il ərzində həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294,7 min vahid artıb və bu il iyul ayının 1-nə 1 milyon 696,6 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 255,8 min vahid artaraq 795,7 min olub.

Şəffaflaşma indikatorlarından biri də ƏDV ödəyicilərinin sayının və ƏDV-yə cəlb olunan dövriyyələrin artımıdır. 2022-ci il iyul ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 688.011 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,8 faiz artıb və 37.029 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,4 faiz artaraq 187.680-ə çatıb.

...Azərbaycanın vergi sistemində keyfiyyətcə yeni mərhələ başlanıb və bu dönəm vergi ödəyicilərinin vergi orqanlarına olan inamının artması, vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf münasibətlərin qurulması, vergi mədəniyyətinin və intizamının gücləndirilməsi ilə xarakterizə olunur. Ölkədə aparılan vergi islahatları iqtisadiyyatın bütün sahələrinin potensial imkanlarından istifadənin səmərəliliyini artırmaq və dinamik inkişafı təmin etməklə, bütövlükdə sosial-iqtisadi tərəqqiyə təkan vermək istiqamətində uğurlu nəticələrlə səciyyələnir.

Gülay NƏBİYEVA