Səkkiz minədək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub

2022.07.22 14:58 (UTC+04:00)

Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Həmin görüşlərin nəticəsi olaraq 8 minədək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kütləvi-informasiya vasitələrinə verdiyi müsahibədə bildirib.

Nazir qeyd edib ki, kənd təsərrüfatı, xidmət, istehsalat və s. sahələri əhatə edən özünüməşğulluq proqramı bu il də davam etdiriləcək. Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 5400 şəxsin daimi işlə təminatına da nail olunub.

“Məşğulluq marafonu”nun əhəmiyyətini vurğulayan S.Babayev 600-dan çox şirkətin vakansiya təqdim etdiyini, 2500 şəxsin özəl şirkətlər tərəfindən işlə təmin olunduğunu diqqətə çatdırıb.