Milli Mətbuat günümüz mübarək!

2022.07.22 10:00 (UTC+04:00)

147 il bundan əvvəl ilk milli qəzetimizi – “Əkinçi”ni tarixin millətimiz qarşısında qoyduğu çağırış, bir də bu çağırışı vaxtında dərk edən Həsən bəy Zərdabinin böyük vətəndaş fədakarlığı dünyaya gətirdi.
1870-ci illərdə Azərbaycan xalqının tarixində yeni bir mərhələ başlamışdı. Bakıda neft hasilatının sənayeləşməsi və “sənaye inqilabı” içində yaşayan dünya kapitalının Azərbaycana axması burada yeni bir ictimai-iqtisadi formasiya, fərqli münasibətlər sistemi yaradır, tarix yeni çağırışlar, yeni ictimai sifarişlər ortaya qoyurdu.

Bu mərhələdə Azərbaycan toplumuna tarixin ən böyük çağırışı millət şüurunun yaranıb özünü təsdiq etməsi – milli özünüdərk idi. Dövləti olmayan bir cəmiyyətdə bu, olduqca mürəkkəb və çətin vəzifə idi. Milli kapitalın, milli burjuaziyanın yaranması hələ milli maraqların bir araya gətirilməsi üçün kifayət etmirdi. Əksinə, dini və milləti olmayan kapitalın yaratdığı münasibətlər milli birliyə düşmən olan sinfi ziddiyyətlərə şərait yaradırdı...

Həsən bəy Zərdabinin bir şəxsiyyət kimi tarixi missiyası Azərbaycan toplumunun “millət olmağı” zərurətini vaxtında dərk etməsi, fəaliyyətinin bütün istiqamətlərini bu yola yönəltməsi oldu. Onun başladığı və yerinə yetirdiyi işlərin hamısı hələ özünün tarixi vəziyyətini dərk etməyən toplumun bütövləşib “millət olmasına” xidmət edirdi.

“Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın...

...Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”,-deyirdi Həsən bəy Zərdabi.

Zaman çox böyük sürətlə axırdı. Xüsusən də Həsən bəy Zərdabinin sözün hərfi mənasında vəkillik elədiyi müsəlman toplumu zəmanənin ahənginə ayaq uydurmaq bir yana, çox vaxt inadla buna qarşı müqavimət göstərirdi, ağlamaq lazım olan halımıza gülənlər olurdu. Həsən bəy bəzən təkləndiyini hiss edirdi. “Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur”.

Onu da xüsusi vurğulamağa dəyər ki, Həsən bəy Zərdabinin düşüncəsi etnik millətçilik anlayışından uzaqdır. Həsən bəy “Əkinçi”ni yalnız Azərbaycan türklərinin deyil, bu dildə oxumağı bacaran müsəlman xalqlarının mətbu tribunası kimi yaratmışdı və qəzetdə bütün müsəlmanların mənafeyini ifadə etməyə çalışırdı. Lap əvvəldən onun yanaşması belə olmuşdu ki, başqa qonşu xalqlar kimi müsəlman xalqlarının da teatrı, xeyriyyə cəmiyyəti, mətbuatı olmalıdır. Çünki sürətlə dəyişən yeni zəmanədə gecikmək tarixin təkərlərinin altında qalmaq riski gətirirdi. Buna görə də “zindəganlıq davasında” – yaşamaq uğrunda mübarizədə “Qonşu getdi, biz qaldıq, haray, ellər, ay haray!” şüarı qəzetin başlıca leytmotivini təşkil edirdi.

147 il bundan əvvəl “Əkinçi”nin dünyaya gəlişinin əhəmiyyəti, sadəcə, mili mətbuatın təməli olmaqla məhdudlaşmır. “Əkinçi” Azərbaycan toplumunun qarşısında bir yol açdı. Həmin yolun davamında isə “olmayan yerdən bir bayraq ucalacaq”, Azərbaycan toplumu bu bayraq altında öz dövlətini quracaqdı...

Bu gün Azərbaycan dövləti öz torpaqlarının bütövlüyünü bərpa etdiyi, öz milli kimliyini dünyaya tanıtdığı bir şəraitdə “Əkinçi”nin tariximizdəki yeri daha parlaq görünür.
Milli Mətbuat günümüz mübarək olsun!