"Doing Business 2020"yə dair islahat icmalı təqdim olunub

2019.04.23 17:23 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Doing Business 2020"yə dair islahat icmalı ictimaiyyətə təqdim olunub. Mərkəzin icraçı direktoru Vüsal Qasımlı icmalda yer alan 11 indikator üzrə məlumat verib. Qeyd edib ki, "Doing Business"in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb: "Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv olunaraq, prosedurun tam ödənişsiz olması müəyyən edilib".

V.Qasımlı əlavə edib ki, yeni qeydiyyat sisteminə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər, "ASAN imza" olmadan elektron qeydiyyat sistemində FIN kodla identifikasiyadan keçirlər. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatı da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür.

Vergilərin ödənilməsi indikatoru üzrə görülən işlərə toxunan V.Qasımlı işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsinin 22 faizdən 15 faizə endirildiyini bildirib: "Gəlir vergisi üzrə ödəmələr azaldılıb, sadələşdirilmiş vergi 2 faizə endirilib. ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizə elektronlaşdırılıb. Vergi ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanan vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılacaq. Bundan əlavə, ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddəti aradan qaldırılıb".

Qeyd olunub ki, aparılan islahatlar nəticəsində vergi dərəcələri azaldılsa da, vergi inzibatçılığının təkmilləşdirilməsi və stimullaşdırma nəticəsində vergi daxilolmaları artıb.