İyulun 19-da keçirilən hərracda 9 dövlət əmlakı satılıb

2022.07.19 16:04 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların keçirilməsi davam etdirilir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 19 iyulda keçirilib. Hərracda 1 yarımçıq tikili və 8 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsində rəqabət müşahidə edilib. Belə ki, ilkin satış qiyməti 6.000 manat olan “Chevrolet Nival” markalı avtomobilə edilən ən son təklif 9.700 manatadək yüksəlib.

Özəlləşdirilən yarımçıq tikili Xaçmaz rayonunun Nabran kəndində yerləşir.

19 iyul hərracında özəlləşdirilmiş əmlaklar üzrə dövlət büdcəsinə 96.750 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://clck.ru/sKmjK )

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 21 və 26 iyul tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.