“ABAD”çılar güzəştli kreditlərdən yararlanırlar

2022.07.15 15:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, “ABAD” publik hüquqi şəxs və “Yelo Bank” ASC ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsinə dəstək göstərilməsi, “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə birgə əməkdaşlığa başlayıblar.

Əməkdaşlıq çərçivəsində Sahibkarlığın İnkişafı Fondu “ABAD”çıların layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsini həyata keçirir, “Yelo Bank” ASC həmin kreditlərin sahibkarlara verilməsində müvəkkil kredit təşkilatı qismində çıxış edir, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun tanıdılması, bazara çıxarılması və satışının təşkilində sahibkarlara dəstək göstərir.

Qeyd edək ki, birgə əməkdaşlığın nəticəsi olaraq 2022-ci ilin iyun-iyul ayları ərzində “ABAD”çılara məxsus 3 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 110 min manat güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.

“ABAD”çıların maliyyə resurslarına çıxışının asanlaşdırılması ailə təsərrüfatlarının rəqabət qabiliyyətinin artırılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcəkdir.