Daha bir qrup qazi özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub

2022.07.15 11:40 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində dəstək tədbirləri davam edir. İyulun 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında Vətən müharibəsinin daha bir qrup qazisi özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub. Onlara xidmət və istehsal sahəsi üzrə aktivlər verilib. Ümumilikdə bu gün ölkə üzrə özünüməşğulluq proqramı çərçivəsində şəhid ailəsi üzvləri, qazilər və veteranların aktivlərlə təmin olunması həyata keçirilib.

Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq şöbəsinin müdiri Fərid Aslanovun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində postmüharibə dövründə 7 min 784 nəfər şəhid ailəsi üzvü və qazi aktivlərlə təmin olunub: "Həmin şəxslərə müəyyən təlimlər keçirilir və təlimlərdə onlara öz bizneslərini idarə etməklə bağlı bilik və bacarıqlar öyrədilir. Təlimi uğurla bitirən şəxslər proqram çərçivəsində aktivlərlə təmin olunurlar. İlin sonuna qədər özünüməşğulluq proqramı üzrə ümumilikdə 16 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Ümumilikdə özünüməşğulluq proqramı növbəlilik prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən şəhid ailəsi üzvləri növbədənkənar proqrama cəlb olunurlar.

Ümumiyyətlə, özünüməşğulluq proqramında 30 istiqamət mövcuddur. Onlardan 26-sı xidmət və istehsal, dördü isə kənd təsərrüfatı istiqaməti üzrədir".