Sumqayıt Kimya Sənaye Parkının rezidenti ixracını genişləndirir

2022.07.14 13:55 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC məhsul istehsalının həcmini artırır və ixrac coğrafiyasını genişləndirir. Belə ki, şirkət Avropanın daha bir ölkəsinə - Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb və ilkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, investisiya dəyəri 103 milyon ABŞ dollarından çox olan “Azertexnolayn” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.

Ümumilikdə, şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.