Azərbaycan və Gürcüstan regionları arasında əlaqələr genişlənir

2022.07.14 09:46 (UTC+04:00)

Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Əvvəlcə Gürcüstan nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili arasında görüş keçirilib.

İqtisadiyyat naziri Azərbaycanın dost və qonşu Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində fəal iştirak edir. Nazir iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq məsələlərinə dair fikirlərini bildirib, nəqliyyat-tranzit, enerji, turizm, gömrük və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün potensialı diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimizin regionları arasında da əməkdaşlıq inkişaf edir, Gürcüstandakı soydaşlarımızın kompakt yaşadığı Kvemo-Kartli regionunda Azərbaycan şirkətləri tərəfindən iri layihələr həyata keçirilir, iş yerləri yaradılır.

Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin etibarlı tərəfdaş olduğunu, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb. Qubernator Gürcüstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpası layihələrində iştirakda maraqlı olduqlarını qeyd edib.

Görüşdə ölkələrimizin regionları arasında əlaqələrin, iqtisadi-ticarət əməkdaşlığının inkişafı, birgə layihələrin icrası barədə fikir mübadiləsi aparılıb.

Sonra Gürcüstanın Kvemo Kartli regionunun və ölkəmizin bölgələri arasında (Şəmkir – Marneuli, Ağstafa – Qardabani, Göygöl – Bolnisi, Daşkəsən – Dmanisi) qardaşlaşma haqqında anlaşma memorandumları imzalanıb. Sənədlərdə nəqliyyat, İKT, mədəniyyət, turizm, sahibkarlıq, şəhər planlaşdırması, enerji səmərəliliyi, gənclər və idman, tullantıların idarə olunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. məsələlər əks olunub.