Rusiyada kiçik biznes üçün eksperimental vergi rejiminin tətbiqinə başlanılıb

2022.07.08 14:37 (UTC+04:00)

İyunun 1-də Moskva şəhərində, Tatarıstanda, eləcə də Moskva və Kaluqa vilayətlərində kiçik sahibkarlıq subyektləri üçün “Avtomatlaşdırılmış sadələşdirilmiş vergitutma sistemi” (ASVS) xüsusi vergi rejiminin tətbiqi üzrə eksperimentə başlanılıb. Bununla bağlı müvafiq federal qanun fevral ayında imzalanmışdı. Müəssisələr eksperimentdə könüllü iştirak edə bilərlər. Yeni rejim beş nəfərə qədər işçisi olan və illik gəliri 60 milyon rubldan (1,7 milyon manat) çox olmayan müəssisələr və fərdi sahibkarlar üçün nəzərdə tutulub. Bundan əlavə, ASVS-dən istifadə etmək üçün şirkətlər işçilərin maaşlarını nağdsız şəkildə ödəməlidirlər. Vergi ödəyiciləri isə müəssisənin gəlir və xərclərinin uçotunu aparmaq, habelə sığorta haqlarını ödəmək öhdəliyindən azad edilir. Fəaliyyətdə olan təşkilatlar yeni sistemlə gələn ildən etibarən işə başlaya biləcəklər. Ərizələr dekabrın 31-dən gec olmayaraq təqdim edilməlidir. Eyni zamanda, cari ilin iyulun 1-dən sonra fəaliyyətə başlayan fərdi sahibkarlar və hüquqi şəxslər vergi orqanında qeydiyyata alındıqları tarixdən ən geci 30 təqvim günündən gec olmayaraq bildiriş təqdim etməklə ASVS-dən istifadə edə bilərlər. Eksperiment 2027-ci il dekabrın 31-dək davam edəcək.