Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olublar

2022.07.08 13:26 (UTC+04:00)

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində azərbaycanlı sahibkar və menecerlərin növbəti qrupu Almaniyanın Ulm şəhərində beynəlxalq ixtisasartırma kursu keçiblər.

20 iyun – 2 iyul tarixlərində hibrid formatda keçirilən ixtisasartırma kursunda iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərən 22 sahibkar və menecerlər iştirak edib. Eyni zamanda sahibkar və menecerlərimiz aqrar, turizm, logistika, İKT, üzümçülük və şərabçılq üzrə şirkətlərdə görüşlər keçirib, qabaqcıl təcrübə ilə yerində tanış olub, yeni əməkdaşlıq əlaqələri qurublar.

Məlumat üçün bildirək ki, Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya tərəfindən GİZ-in əlaqələndirici olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində indiyədək 500-ə yaxın sahibkar və menecer ixtisasartırma kursunda iştirak edərək, menecment sahəsində biliklərə, beynəlxalq təcrübəyə yiyələniblər. Proqrama qoşulmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.