Zaur Salmanlı: “İşğaldan azad edilmiş ərazilərin böyük akvakultura potensialı var” MÜSAHİBƏ

2022.07.13 15:00 (UTC+04:00)

- Zaur müəllim, ölkəmizdə balıqçılıq sahəsində rəqabətə davamlı, ekoloji təmiz məhsulların istehsalı ilə bağlı mövcud vəziyyət nə yerdədir?

- Azərbaycanda daxili bazarın diri və soyudulmuş balıq seqmentində bir çox növlərin, məsələn, çəkikimilərin, nərəcinsli balıqların, hətta soyuq su balıqları olan qızılbalıqkimilərin, o cümlədən əlvan forelin yetişdirilməsi üzrə rəqabətə davamlı məhsul istehsal etmək mümkündür. İstehsal etdiyimiz yerli məhsullar ekoloji cəhətdən bütün standartlara cavab verir.

- Azərbaycanın ən böyük və əsas su mənbəyi hesab olunan Kürün səviyyəsinin azalması balıqçılıq sənayesinə hansısa formada təsir göstərirmi?

- Ölkəmizdə balıq və balıq məhsullarının istehsalı 3 il əvvəllə müqayisədə təxminən 15 faiz artsa da, 6 il əvvələ nisbətən azalma var. Artımın əsas səbəbi təbii amillər, eyni zamanda insanların bu sahəyə daha çox meyil göstərməsidir. Yerli istehsalçılar bazarda Rusiya məhsullarının yerini tutmağa çalışırlar. İstehsalın azalmasının əsas səbəbi isə Kür çayının səviyyəsinin aşağı düşməsidir. Artıq ikinci ildir ki, Kür çayının suyunun azalması və daha ağır fəsadlara səbəb olan suyun duzlaşması ilə əlaqədar böyük balıqçılıq təsərrüfatları ciddi problemlərlə üzləşirlər. Kür çayının mənsəbinə yaxın ərazidə yerləşən damazlıq təsərrüfatları, inkubasiya sexləri, əsasən sürfə satışı ilə məşğul olan müəssisələr fəaliyyətlərini dayandırmağa məcbur olurlar. Bu səbəbdən də çəkikimilərin yetişdirilməsi üzrə azalma müşahidə olunur.

İstehsalın azalmasının əsas səbəbi isə Kür çayının səviyyəsinin aşağı
düşməsidir. Artıq ikinci ildir ki, Kür çayının suyunun azalması və daha
ağır fəsadlara səbəb olan suyun duzlaşması ilə əlaqədar
böyük balıqçılıq təsərrüfatları ciddi problemlərlə üzləşirlər.

- Çəkikimilərin Rusiyadan idxal edilməsi yerli istehsala necə təsir göstərir?

- Mövsüm ərzində, sentyabrın sonundan başlayaraq, Rusiyadan, əsasən də Dağıstandan Azərbaycana böyük həcmdə təzə soyudulmuş və diri çəkikimilər idxal edilir və təbii ki, bu, bizim yerli istehsalımıza mənfi təsir göstərir. Çünki gətirilən balıqların çəkisi kifayət qədər çox, qiymətləri isə aşağıdır. Bu səbəbdən, yerli istehsalçılarımız rəqabətə davam gətirməkdə çətinlik çəkirlər. Məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edərək həmin məhsulların mənşəyinin bəlli olmadığını, qanunsuz balıq ovundan əldə edildiyini bildirmişik. Bu xoşagəlməz halların qarşısını almaq üçün təklif edirik ki, həmin balıqların idxalı zamanı yerli baytarlıq sertifikatı tələb edilsin.

- Ölkədə balıqlçılıqla məşğul olan və bu sahədən gəlir götürən bütün subyektlər rəsmi dövlət qeydiyyatına alınıbmı?

- Təəssüflər olsun ki, bu məsələ ilə bağlı dəqiq reyestr məlumatları olmadığından, hansısa rəqəmlərdən istifadə etmək doğru olmazdı. Bu gün balıqçılıqla məşğul olan subyektlərin qeydiyyata alınma proseduru çətinləşib. Buna görə də qeydiyyat prosedurunun sadələşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik.

- Azərbaycanda balıqçılığın inkişafına mane olan səbəbləri necə aradan qaldırmaq olar?

- Balıqçılığın inkişafının qarşısını alan ən əsas amillərdən biri balıq və balıq məhsulları istehsalının kənd təsərrüfatı məhsulları istehsalına aid edilməməsidir. Bu gün dövlətin kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərinə verdiyi dəstək sayəsində əsasən bağçılıq, fındıqçılıq, tərəvəzçilik sahəsində ciddi bir ixrac, istehsalat artımı formalaşır. Təəssüf ki, bu gün balıqçılıq sənayesi dövlətin kənd təsərrüfatı sahəsinə göstərdiyi dəstəkdən yararlana bilmir. Bundan başqa, ölkədə balıqçılıq üzrə strategiyanın olmaması, müvafiq ixtisaslı kadrların hazırlanmaması, - bunu həll etmək üçün Təhsil Nazirliyi ilə birgə çalışırıq,- kimi məsələlər də sahənin inkişafına mane olur.

- Balıqçılıq sənayesinin subsidiyalaşması hansı nəticələrə gətirib çıxara bilər?

- Balıq və balıq məhsullarının, eyni zamanda balıq yemlərinin istehsalının subsidiyalaşması təklifi ilə müvafiq dövlət orqanlarına müraciət etmişik. Subsidiyalaşma nəticəsində ölkədə nərəcincli, o cümlədən forel balıqlarının, çəkikimilərin və digər növ məhsulların istehsalı, yerli istehlak səviyyəsi, ixrac həcminin xeyli artacağı qənaətindəyik. Ən əhəmiyyətlisi isə budur ki, subsidiyalaşma nəticəsində balıqçılıq “ağ sahə”yə çevriləcək. Belə olan halda, ölkədə nə qədər və hansı növ balığın istehsal olunduğuna, hansı ərazilərdə yetişdirildiyinə dair bütün məlumatları əldə edə biləcəyik. Subsidiya hər bir istehsalçını öz istehsal mənzərəsini tam olaraq “açmağa” vadar edəcək. Bu isə çox vacib amillərdən biridir. Misal olaraq qeyd edim ki, Azərbaycanda forelin illik istehsal həcmi 500 tonu keçmir. Bu, çox aşağı rəqəmdir. Subsidiyalaşma olarsa, yaxın 3 ildə forelin istehsal həcmi 2500 tonu adlaya bilər.

- Azərbaycanda akvakulturanın inkişafı, qəfəs balıqçılığı üçün Xəzər dənizinin potensialından nə dərəcədə istifadə olunur?

- Azərbaycanda bu cür akvakulturalar Neftçala və Astara rayonlarındadır. Qızılağac körfəzində müxtəlif tip akvakultura təsərrüfatlarının qurula bilməsi üçün imkan olsa da, ondan istifadə edilmir. Bunun ən böyük səbəblərindən biri bu sahə üzrə qanunvericiliyin natamamlığıdır. Qəfəs balıqçılığı üçün də Xəzərdən qətiyyən istifadə olunmur. Bu gün bütün dünyada qəfəs balıqçılığının inkişafı üçün “su səthinin icarəsi” anlayışı mövcud olduğu halda, Azərbaycanda bu anlayış mövcud deyil və qanunvericilikdə də öz əksini tapmayıb. Məhz buna görə də su səthini istismar etmək istəyən sahibkar dövlət orqanı ilə uzunmüddətli müqavilə bağlaya bilmir.

Misal olaraq qeyd edim ki, Azərbaycanda forelin illik istehsal həcmi
500 tonu keçmir. Bu, çox aşağı rəqəmdir. Subsidiyalaşma olarsa,
yaxın 3 ildə forelin istehsal həcmi 2500 tonu adlaya bilər.

- Azərbaycanın balıq və balıq məhsulları hansı ölkələrə ixrac edilir?

- Azərbaycanın qara kürüsü, demək olar ki, əksər ölkələrə, o cümlədən ABŞ, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Sinqapur və s. ixrac edilir. Azərbaycan tarixində ilk dəfə olaraq, 2021-ci ildə Rusiyaya əlvan forel ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu il balıq və xərçəngkimilər, molyuskalar və digər su onurğasızları üzrə ixracın dəyəri 1.392.59 min dollar (ümumi ixracın 0,01 faizi), idxalın dəyəri isə 27.058.64 min ABŞ dolları (ümumi idxalın 0,23 faizi) təşkil edib.

- Azad edilmiş ərazilərdə su ehtiyatının zəngin olması balıqçılığın inkişafına necə təsir göstərə bilər? Bu ərazilərdə balıqçılığın inkişafı üçün hansı səmərəli tədbirlər həyata keçirmək olar?

- Balıqçılığın inkişafı məqsədilə azad edilmiş ərazilərimizə baxış keçirmişik. İlkin rəyimiz bundan ibarətdir ki, bu ərazilərin böyük akvakultura potensialı var. Ancaq araşdırma aparmadan, su qaynaqlarını dəyərləndirmədən, strategiya ortaya qoyulmadan bu işin hansı formada inkişaf etdiriləcəyini demək çətindir.

- Yaxın zamanlarda Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı nikbinliyə əsas varmı? Ölkəmizin bu sahədə mövcud potensialını necə dəyərləndirərdiniz?

- Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın su ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması balıqçılığın inkişafına mühüm təsir edərdi. Bu sahədən ciddi gəlir əldə etmək üçün ölkəmizin güclü potensialı var. Hələ bir necə il əvvəl Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) üçün hazırladığımız xülasəyə görə, daxili su hövzələrinin – su anbarlarının, göllərin, axmazların düzgün idarə olunması nəticəsində ildə 30-40 min ton balıq və balıq məhsulları istehsal edə bilərik. Hazırda ölkəmizdə adambaşına düşən illik balıq və balıq məhsullarının istehlak səviyyəsi 6-7 kq təşkil edir. Azərbaycanda istehlak səviyyəsinin artırılması imkanlarının mövcudluğunu nəzərə alsaq, adambaşına düşən istehlak səviyyəsi 8 kq olduğu halda, əlavə olaraq, 10 min ton balıq və balıq məhsuluna tələbat yaranar. Bu baxımdan, daxili istehsalı genişləndirməklə artan istehlak tələbatını qarşılamaq mümkündür.

İlhamə İSABALAYEVA