“Azərbaycanda sığortanın qeyri-aktual olmasının səbəblərindən biri məhsul çeşidlərinin az olmasıdır”.
Bunu “Azərsığorta” Dövlət Sığorta Şirkəti “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının sorğusuna cavab olaraq açıqlayıb.
Şirkətdən bildirilib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən müştərilərə 15-dək sığorta məhsulu təqdim edilir. Lakin inkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin siyahısına 200-dən çox müxtəlif növlər daxildir.
“Azərsığorta” hesab edir ki, Azərbaycanda icbari sığorta növlərinin genişlənməsinə ehtiyac var. Ölkədə müəssisələrin məsuliyyət sığortası, peşəkar məsuliyyət sığortası, istehsalçının məsuliyyət sığortası, tikinti üzrə sahibkarın (tikinti təşkilatının) məsuliyyət sığortası, tanker sahiblərinin məsuliyyətinin sığortası, hava nəqliyyat növü sahibinin məsuliyyət sığortası, dəniz nəqliyyat növü sahibinin məsuliyyət sığortası və daşıyıcıların məsuliyyət sığortası kimi sığorta növlərinin icbari olması zəruridir.
Ümumiyyətlə, mütəxəssislərin fikrincə, Azərbaycanda icbari sığorta növləri ilə könüllü növlərin birgə “yaşaması” formatı hazırlanmalıdır. İcbari və könüllü növlərin birgə “yaşaması” formatının hazırlanmaması nəticəsində icbari növlər könüllü sığorta növlərini arxa plana keçirir: “Misal olaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü kasko sığortasını, icbari tibbi sığorta isə könüllü tibbi sığorta növünü kölgədə qoyur”.
“Azərsığorta”dan əlavə edilib ki, hər bir sığorta növünün öz hədəf auditoriyası mövcuddur. Azərbaycan sığorta bazarında ilk növbədə icbari sığorta növləri aktualdır ki, bu növlər sırasına avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, səyahət sığortası və “yaşıl kart” daxildir.
Bu növlərə tələbatın olmasının əsas səbəbi cərimə mexanizminin olmasıdır. Belə ki, AVSMMIS və “yaşıl kart”, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olmadığı təqdirdə cərimələr tətbiq olunur. Səyahət sığortası olmadığı təqdirdə isə viza verilməsindən imtina edilir.
Ümumilikdə ölkədə tələbat olmayan sığorta növləri sırasında həm icbari, həm də könüllü növlər mövcuddur. Mövcud vəziyyətdə icbari növlər üzrə tələbat az olan sığorta növləri sırasına daşınmaz əmlakın icbari sığortası növü, könüllü növlər üzrə isə kasko və məsuliyyət sığortaları daxildir.
“Azərsığorta” cərimə mexanizmi olmayan icbari sığorta növlərinin tətbiq olunmasını Azərbaycanın sığorta bazarının ən ciddi problemlərindən biri hesab edir. Şirkət daşınmaz əmlakın icbari sığortasını cərimə mexanizmi olmadan tətbiq edilən icbari sığorta növlərinin biri kimi qeyd edir. Dövlət şirkətinin qənaətinə görə, sığorta bazarında müvafiq cərimə mexanizminin olmaması, həmçinin yanğınlar və təbii fəlakətlər zamanı dəymiş ziyanın dövlət kompensasiyalarının hesabına qarşılanması əhali arasında icbari sığorta növlərinə qarşı münasibətdə məsuliyyətsizlik hallarının daha da artmasına səbəb olur.