"Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi ilə görüş keçirilib

2022.07.01 14:17 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi Şikar İsmayılov ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

E.Bəylərov “Uğur yolu” Karyera İnkişaf Proqramının bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və kadr potensialının gücləndirilməsində mühüm rolunu vurğulayıb. Daha sonra şəxsi inkişaf təcrübəsi və əldə edilmiş biliklərin səmərəli tətbiqi barədə məlumat verib. Görüşdə idarəçilərdən tələb olunan keyfiyyətlər, təkmilləşmə üçün müasir alətlər, təhliletmə və qərarvermə bacarıqları müzakirə olunub, iştirakçını maraqlandıran suallar cavablandırılıb, növbəti dövr üçün iş planı müəyyən edilib.

Ş.İsmayılov mentorluq proqramı üçün təşəkkürünü bildirib, qazandığı təcrübənin özünün idarəetmə bacarıqlarının inkişafında əhəmiyyətli olduğunu qeyd edib.

Qeyd edək ki, “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı məqsədilə tətbiq edilən mentorluq proqramı İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüşlərin, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.