Xarici şirkət Azərbaycan şirkətinə həmtəsisçi olmaq üçün nə etməlidir?

2022.07.04 17:33 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq) ərizəyə əlavə olunmalıdır.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.