Qırğızıstanda vergi və gömrük daxilolmaları artıb

2022.07.01 14:22 (UTC+04:00)

Qırğız Respublikasının prezidenti Sadir Japarov bu ilin birinci yarısında ölkədə vergi və gömrük daxilolmalarının artdığını bəyan edib.

Qırğızıstan parlamentinin yay tətili öncəsi son iclasında çıxış edən S.Japarov vergi və gömrük daxilolmalarının, investisiyaların artmasına və xarici borcların ödənilməsinin vacibliyinə diqqət çəkib.
Prezident S.Japarov 2021-ci ilin yanvar-iyun aylarında 47 milyard som (587 milyon 500 min dollar) vergi yığıldığını, 2022-ci ilin eyni dövründə isə bu rəqəmin 68 milyard 800 milyon soma (860 milyon dollar) yüksəldiyini bildirib. Ötən ilin ilk yarısında 20 milyard 100 milyon som (251 milyon 250 min dollar) gömrük gəliri əldə edildiyini bildirən prezident 2022-ci ilin eyni dövründə gömrük gəlirlərinin 31 milyard 200 milyon soma (390 milyon dollar) yüksəldiyini qeyd edib.

S.Japarov ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün ötən ilin birinci yarısında 3 milyard 400 milyon som (42 milyon 500 min dollar), bu ilin eyni dövründə isə 12 milyard 500 min som (156 milyon 250 min dollar) vəsait ayrıldığını bildirib.