İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Pinar Cəbrayılova ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.
Qaliblə söhbət zamanı DVX-nin rəis müavini İqtisadiyyat Nazirliyinin kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətindən danışıb, şəxsi inkişaf və idarəçilik təcrübəsini bölüşüb, qarşıdakı dövrdə mentorluq proqramı çərçivəsində peşəkar bacarıqların artırılması üçün atılacaq zəruri addımları müzakirə edib. Mentorla bundan əvvəlki görüş zamanı qarşıya qoyulmuş məqsədlər və planların icrası ilə bağlı görülmüş işlər, aidiyyəti strukturlarda keçirilmiş görüşlərin nəticələri qiymətləndirilib və təcrübə əldə etməklə bağlı növbəti tədbirlərin gündəliyi nəzərdən keçirilib.
Görüşdə iş prosesində səmərəliliyin artırılması, qarşıya çıxan maneələrə uyğun reaksiyanın verilməsi, özünüinkişaf, təhliletmə və qərarvermə bacarıqları müzakirə olunub, iştirakçının sualları cavablandırılıb.
Pinar Cəbrayılova mentorluq proqramı üçün təşəkkürünü bildirib, bu təcrübələrin onun şəxsi inkişafındakı əhəmiyyətini qeyd edib.
Xatırladaq ki, mentorluq proqramı “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı üçün tətbiq olunur, İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüş, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.