Bu o deməkdir ki, əsas vəsaitlərin orta illik qalıq dəyərinə əsasən hesablanan əmlak vergisi nəzərə alınmayacaq. Vergi Məcəlləsinin 14.3.4 maddəsinə əsasən, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bazar qiyməti tətbiq edilir.
Azərbaycan Respublikasının “Sığorta haqqında” qanunun 13-cü maddəsinə əsasən, sığorta məbləği müqavilənin bağlandığı anda əmlakın həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçının sığorta olunan tərəfindən qəsdən yanıldığını sübut etdiyi hallar istisna olmaqla tərəflər əmlakın sığorta dəyərinə etiraz edə bilməzlər. Əgər sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda bu dəyərdən çox olan sığorta məbləği hissəsində müqavilə etibarsız sayılır.
Misal: "AA" MMC-nin əmlakının qalıq dəyəri 250 000 manat olmuşdur. Lakin bu dəyərdən artıq qiymətə, yəni 290 000 manata sığortalanmış və əmlakın bazar qiymətinin 270 000 manat olduğu müəyyən edilmişdir. Belə olan halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri yox, əmlakın bazar qiyməti, yəni, 270 000 manat əsas götürüləcək. Bu zaman onun əmlak vergisi 2 700 manat təşkil edəcəkdir:
270 000 x 1% = 2700 manat.