Qazaxıstan Aİ-yə tranzit marşrutlarını inkişaf etdirməyi təklif edib

2022.06.29 13:01 (UTC+04:00)

Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri Aset İrqaliyev Brüsseldə keçirilmiş “Avropa inkişaf günləri” forumunda bildirib ki, Qazaxıstanın yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı (Aİ) ilə əlaqələrini daha da gücləndirməsi vacibdir. Bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

“2021-ci ilin göstəricilərinə əsasən, Qazaxıstanın xarici ticarətinin demək olar ki, 30%-i Aİ-nin payına düşür və 1993-cü ildən bu yana Aİ tərəfindən Qazaxıstana 160 milyard dollardan çox birbaşa sərmayə qoyulub”, - A.İrqaliyev Mərkəzi Asiya üzrə panel sessiyasında bildirib.

Qazaxıstanda Avropa kapitalı ilə 4,5 mindən çox müəssisə fəaliyyət göstərdiyini vurğulayan A.İrqaliyev Avropa Komissiyasına Qazaxıstanda regionu “əlaqələndirməyin” bir hissəsi ola biləcək tranzit qovşaqlarının yaradılması məsələlərini müzakirə etməyə başlamağı təklif edib. O, qeyd edib ki, Qazaxıstan 2025-ci ilə qədər bütün ölkə üzrə yeni quru dəhlizlərinin yaradılmasına 20 milyard dollara qədər sərmayə qoyacaq.

“Qazaxıstan Mərkəzi Asiyada ən inkişaf etmiş və cəlbedici çoxvektorlu nəqliyyat sisteminə malik ölkədir. Biz Şərqlə Qərb arasında quru ticarətinin inteqrasiyası üçün tranzit marşrutlarımızı TEN-T (Trans-Avropa Nəqliyyat Şəbəkəsi) ilə birləşdirməyə hazırıq”, - A.İrqanilyev qeyd edib.

“Orta dəhliz” kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) daha aktualdır. Bundan əvvəl Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyə “Orta dəhliz”in inkişafı ilə bağlı dördtərəfli saziş imzalayıblar. Bu, dəhliz boyu yerləşən ölkələrin tranzit potensialının inkişaf etdirilməsini nəzərdə tutur. “Orta dəhliz” marşrutu üzrə yük axınlarını artırmaq üçün Aktau limanının bazasında dünyanın aparıcı operatorlarını (Cosco, Maersk, CMA CGM və s.) cəlb etməklə konteyner qovşağı yaradılacaq. Təchizat zəncirinin idarə edilməsi üçün vahid İT həllərindən istifadə etməklə nəqliyyat dəhlizinin rəqəmsal infrastrukturu yaradılır. “Bütün bunlar Transxəzər dəhlizinin Transsibir marşrutuna və Qazaxıstanın əsas əmtəə axınlarının formalaşdığı Baltik dənizi limanlarına qoşulmasına, eləcə də ticarət, biznes və logistika əlaqələrinin genişləndirilməsi sayəsində Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsinə keçməyə imkan verəcək”, - A.İrqaliyev forumdakı çıxışında qeyd edib.