Pakistanda iri sənaye sahələrinə əlavə vergi tətbiq olunacaq

2022.06.28 14:00 (UTC+04:00)

Pakistanın baş naziri Şahbaz Şərif inflyasiyanın artması fonunda yoxsul təbəqəni dəstəkləmək üçün iri sənaye sahələrinə əlavə 10 faiz vergi tətbiq etməyi planlaşdırdıqlarını bildirib.

Yerli mətbuatda yayılan xəbərlərə görə, Ş.Şərif iqtisadiyyat təmsilçiləri ilə görüşdükdən sonra televiziya ilə çıxışında iri sənaye müəssisələrinə gətirəcəkləri “yoxsulluğun azaldılması vergisi” ilə bağlı açıqlama verib.

Yeni vergi iri sənaye sahələrinə, o cümlədən sement, dəmir, şəkər, neft və qaz, gübrə, avtomobil, tütün, tekstil, kimya, hava yolları və içkilərə şamil ediləcək. Banklar da əlavə verginin ödəyiciləri sırasında olacaq.

Baş nazir Ş.Şərif həmçinin bəyan edib ki, illik gəliri 150 milyon rupidən (1000 rupi= 8,16 manat) çox olanlardan 1 faiz, illik gəliri 200 milyon rupidən çox olanlardan 2 faiz, illik gəliri 250 milyon rupidən rupidən çox olanlardan 3 faiz, illik gəliri 300 milyon rupidən çox olanlardan isə 4 faiz vergi tutulacaq.

Bu addımların yoxsulların yükünü azaltmaq üçün atıldığını dilə gətirən Ş.Şərif, zənginlərin də üzərinə düşəni yerinə yetirməli olduqlarını qeyd edib.