Nobel Mükafatçıları Pol Samuelson

2022.06.25 14:15 (UTC+04:00)

Görkəmli amerikalı iqtisadçı, 1970-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Samuelson 1915-ci ildə İndiana ştatındakı Qari qəsəbəsində əczaçı Frank Samuelson və Ella Liptonun ailəsində anadan olub.

Valideynləri Polşadan ABŞ-a köçmüş yəhudi mühacirləri olan P.Samuelson 1935-ci ildə Çikaqo Universitetini bitirib. Əvvəlcə Harvard Universitetində, 1940-cı ildən isə Massaçusets Texnologiya İnstitutunda (MTİ) çalışıb. 1941-ci ildə Harvardda fəlsəfə doktoru elmi dərəcəsini alıb, 1947-ci ildə MTİ-də professor səviyyəsinə yüksəlib. İkinci Dünya Müharibəsi illərində və müharibədən sonrakı dövrdə bir sıra dövlət qurumlarında çalışıb, o cümlədən ABŞ-ın Maliyyə Nazirliyində planlaşdırma ilə məşğul olub. Federal Ehtiyatlar Bankının “RAND” korporasiyasında məsləhətçi işləyib.

P. Samuelson Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1956-1959), Ekonometrik Cəmiyyətin prezidenti (1952) və Amerika İqtisadiyat Assosiasiyasının prezidenti (1961) olub. 1960-cı illərin əvvəllərində isə ABŞ prezidenti Con Kennedinin müşaviri kimi fəaliyyət göstərib.

MTİ-nin dünyaya böyük elm adamları bəxş etmiş iqtisadiyyat kafedrasını faktiki olaraq o, yaradıb, həyatı boyu burada işləyib, sonradan dünyada tanınacaq şəxsiyyətlərin yetişməsində böyük rolu olub. Onun tələbələrindən Robert Merton və Cozef Stiqlits iqtisadiyyat sahəsindəki parlaq nailiyyətlərinə görə Nobel mükafatına layiq görülüblər.

P.Samuelson MTİ-dən təqaüdə çıxandan sonra da elmi fəaliyyətini davam etdirib.

Riyaziyyatı iqtisadçılar üçün “təbii dil” adlandıran P.Samuelson “İqtisadi təhlilin əsasları” kitabı ilə iqtisadiyyatın riyazi əsaslarına mühüm töhfələr verib. Onun ilk dəfə 1948-ci ildə nəşr olunmuş “İqtisadiyyat: giriş təhlili” kitabı bütün dövrlərin ən çox satılan iqtisadiyyat dərsliyi hesab olunur.

O, “neoklassik sintez”in (neoklassik mikroiqtisadiyyatın və Keyns makroiqtisadiyyatının bir konsepsiyada birləşdirilməsi) təşəbbüskarı və neokeynesçiliyin banilərindən biridir.

Onun elmi maraqları müasir iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Əldə etdiyi elmi nəticələr müəyyənlik və risk altında istehlakçı seçimi nəzəriyyəsi, ekonometriya və maliyyə iqtisadiyyatından tutmuş makroiqtisadiyyat, kapital nəzəriyyəsi, beynəlxalq ticarət, ümumi tarazlıq və rifah iqtisadiyyatına qədər müxtəlif fənlər üzrə dərsliklərə daxil edilmişdir. Bir sözlə, iqtisadiyyatın elə bir sahəsini tapmaq çətindir ki, P.Samuelson orada öz sözünü deməmiş olsun.

İqtisadiyyatın Paqanisi və intellektual ekvilibrist adları ilə tanınan P.Samulson 1970-ci ildə “Statik və dinamik iqtisadi nəzəriyyəni inkişaf etdirən elmi əsərinə görə” Nobel mükafatına layiq görülüb.