İqtisadiyyat üzrə Nobel mükafatı laureatları

2022.06.25 14:08 (UTC+04:00)

Hörmətli izləyicilərimiz!
XX əsrin əvvəllərindən elm, sənət və siyasət adamlarına parlaq elmi araşdırmalar, inqilabi səciyyəli ixtira və kəşflər, eləcə də dünya mədəni irsinə və cəmiyyətin inkişafına verilən misilsiz töhfələr üçün hər il müxtəlif nominasiyalar üzrə Nobel mükafatları verilir.
Tərcümeyi-halı və karyerası Azərbaycanla bağlı olan Alfred Nobelin (1833-1896) vəsiyyəti ilə onun mirasından yalnız beş sahənin nümayəndələrinə mükafatlar üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdu:
- fizika (1901-ci ildən İsveçdə təqdim olunur);
- kimya (1901-ci ildən İsveçdə təqdim olunur);
- fiziologiya və ya tibb (1901-ci ildən İsveçdə təqdim olunur);
- ədəbiyyat (1901-ci ildən İsveçdə təqdim olunur);
- dünyada sülhün təşviqi (1901-ci ildən Norveçdə təqdim olunur).
İqtisadiyyat elmləri üzrə Nobel mükafatı isə xeyli sonra - 1969-cu ildə təsis olunub. Bu, İsveç Milli Bankının Alfred Nobelin xatirəsinə həsr etdiyi xüsusi mükafatdır. İqtisadiyyat elmləri sahəsində nailiyyətlərə görə verilən bu mükafat ildə bir dəfə İsveç Kral Elmlər Akademiyası tərəfindən təqdim olunur. Nobel mükafatı mərasimində verilən digər mükafatlardan fərqli olaraq iqtisadiyyat elmləri üzrə mükafat Alfred Nobelin mirası deyil.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatları barədə yığcam məlumatları diqqətinizə çatdırırıq. Dünyanın taleyini dəyişən, tarixin gedişatına təsir göstərən bu insanları tanımağın sizin üçün maraqlı və əhəmiyyətli olacağını düşünürük...