Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi borcunun məbləğindən və sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyasından asılı olaraq borcun ödənilməsinə möhlət verilməsi üçün müraciət edilə bilər:
- Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək;
- Orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 min manatdan 100 000 manatadək;
- İri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək.
Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər:
- borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi. Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.
Vergi ödəyicisi tərəfindən möhlət verilən dövr ərzində möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda vergi ödəyicisinin müraciəti əsasında borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət 1 ildən, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.