Bu ilin dörd ayında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 2,77 dəfə artıb

2022.06.23 13:26 (UTC+04:00)

Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb.

Bunu Bakıda keçirilən "Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir Azərbaycan və Rumıniya diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.

Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən S.Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib.