“Metaverse” ilə bağlı bütün dünya üzrə şirkətlərin və istehlakçıların illik xərcləri 2030-cu ilə qədər 5 trilyon dollara çata bilər. “İnterfaks” agentliyinin “McKinsey & Co” şirkətinin araşdırmasına istinadən yaydığı xəbərdə qeyd edlib ki, “Metaverse” daxilində electron ticarətin həcmi 2-2,6 trilyon, virtual reklam bazarının tutumu isə 144-206 milyard dollara qədər arta bilər. “McKinsey & Co” şirkətinin hesabatına əsasən, meta fəaliyyətlər gündəlik həyatın oyunlar, sosiallaşma, idman, alış-veriş və məsafədən təhsil kimi beş istiqamətində genişlənəcək.
“Citibank”ın analitikləri isə “Metaverse” aləminin maliyyə perspektivləri ilə bağlı daha nikbindirlər. Bu nəhəng beynəlxalq bankın aprel ayında açıqladığı hesabatda bildirilirdi ki, “Metaverse” bazarı 2030-cu ilə qədər 8-13 trilyon dollara çatacaq və bu platrofmanın ümumilikdə 5 milyard istifadəçisi olacaq.
Qeyd edək ki, “Metaverse” obyektlərin real dünyada olduğu kimi bir-biri ilə qarşılıqlı əlaqədə olduğu virtual aləmdir. Bu aləm insanların rəqəmsal əkizlərinin görüşlərdə iştirak etməsinə, konsertə qatılmasına, dərs oxumasına, filmə baxmasına və s. imkan verir.