Əmək məzuniyyətləri və onların müddətləri

2022.06.21 10:44 (UTC+04:00)

Əmək məzuniyyətinin müddətləri Əmək Məcəlləsinin 114-121-ci maddələri ilə müəyyən olunur. Həmin maddələrdə əsasən, işçilərin əsas və əlavə məzuniyyətləri qeyd olunub ki, bu da təcrübədə bəzi çətinliklərin yaranmasına gətirib çıxarır.

Öncə qeyd edim ki, məzuniyyətlərin müddəti Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən aşağıdakı kimi müəyyən olunur:

- qeyri-mütəxəssis heyət üçün – 21 gün;

- mütəxəssis, rəhbər heyət və s. üçün – 30 gün;

- 16 yaşdan 18 yaşadək işçilərə - 35 gün;

- teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bilavasitə səhnəyə xidmət edən işçilərinə - 35 gün;

- əlilliyi olan şəxslərə – 42 gün;

- yaşı 16-dan az olan işşilərə - 42 gün;

- teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə - 42 gün;

- pedaqoji və elmi fəaliyyətlə məşğul olan bəzi işçilərə - 42 gün;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə - 46 gün;

- pedaqoji və elmi fəaliyyətlə məşğul olan bəzi işçilərə - 56 gün.

Bundan əlavə, üç halda işçilərə əsas məzuniyyət müddətinə əlavə günlər artırılır. Belə ki, Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

Məcəllənin 116-cı maddəsinin 1-ci hissəsində göstərilib ki, əmək stajından asılı olaraq işçilərə:

- beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü;

- on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü;

- on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Mövcud qanunvericiliyə əsaslanaraq əsas məzuniyyət günlərinin müəyyən olunmasında aşağıdakı nüansları nəzərə almaq daha məqsədəuyğundur:

1. İlk növbədə, Əmək Məcəlləsinin 114-cü maddəsinə istinad eidlməsi daha uyğun olar. Məhdud olsa belə, həmin maddədə əsas məzuniyyət günləri 30 təqvim günü olan vəzifələr, işlər qeyd olunub.

2. Əmək müqaviləsində qeyd olunan vəzifə - əgər işçinin vəzifəsi mütəxəssis vəzifəsidirsə, bu zaman məzuniyyət müddəti 30 təqvim günü müəyyən olunacaq.

3. Əmək müqaviləsində qeyd olunan əmək funksiyaları: baxılacaq əsas məqamlardan biri işçilərin iş vaxtı ərzində icra etdiyi əmək müqailəsində qeyd olunan əmək funksiyalarıdır. Bəzən elə olur ki, ilk baxışdan vəzifə olaraq mütəxəssis anlayışına daxil olmasa da, ancaq həmin işçinin gördüyü işlər müəyyən bir təcrübə, xüsusi bilik, bacarıq tələb edir. Məsələn, operator vəzifəsində çalışan işçinin bir iş ilinə uyğun olaraq əmək məzuniyyətinin müddəti 21 gün, yoxsa 30 gün olmalıdır? Əgər həmin operator vəzifəsini icra edən işçinin əmək müqaviləsi üzrə icra etdiyi əmək funksiyaları müəyyən bilik, bacarıq tələb edirsə, bu zaman həmin vəzifəyə görə 30 təqvim günü müəyyən olunmalıdır.

4. Əmək Məcəlləsinəd qeyd olunan xüsusi hallar: əsas məzuniyyət günlərinin müəyyən olunmasında xüsusi hallar mövcuddur. Məsələn, yaşa görə, fizioloji vəziyyətinə görə, Milli Qəhrəman və s. digər xüsusi statuslara görə.

Bundan əlavə, natamam iş rejimi ilə çalışan işçilərin məzuniyyət günlərinin müəyyən olunması ilə bağlı məsələyə də aydınlıq gətirməyə ehtiyac var: natamam iş rejimi ilə çalışan işçinin əsas məzuniyyət günləri 21 və ya 30 təqvim günü olacaq, yoxsa daha az?

Birmənalı olaraq, qeyd etmək lazımdır ki, bu halda işçi natamam iş rejimi ilə çalışsa belə, onun məzuniyyət günləri 21 və ya 30 təqvim günü olacaq.

Misal: “HR and Accounting Center” MMC-də insan resursları üzrə mütəxəssis gündəlik 8, həftəlik 40 saat və həftədə 5 iş günü olmaqla tam iş vaxtı ilə çalışır. Eyni vəzifədə çalışan digər işçi gündəlik 4, həftəlik 20 saat olmaqla natamam iş vaxtı ilə çalışır. İşçilərdən birinin natamam iş vaxtı ilə çalışmasına baxmayaraq, hər iki işçi üçün əsas məzuniyyət günləri 30 təqvim günü müəyəyn olunacaq.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.